Azərbaycan: İnsan hüquqları ilə bağlı vəziyyətə dair mətbuat katibinin bəyanatı
Azərbaycan Prezidenti İlham Əliyev 25 may tarixində 154 məhkumun əfv edilməsi haqqında sərəncam imzalayıb. Keçən ildən fərqli olaraq bu il fərmana fundamental hüquqlarını qoruduqlarına görə cəza çəkən şəxslər daxil edilməyib.
Son aylar müstəqil jurnalistlərin, hüquq müdafiəçiləri və siyasi fəalların siyasi motivli ittihamlarla həbslərinin artması müşahidə olunur ki, bu da narahatlıq doğurur. Abzas Media, Toplum TV, Kanal 11 və Kanal 13 kimi müstəqil media mənsubları, III Respublika Platforması kimi siyasi hərəkatlar, əmək hüququ qrupları və Demokratik Təşəbbüslər İnstitutu kimi digər təşkilatlar xüsusilə hədəfə alınıb. Onların bir çoxunun həbs qətimkan tədbirinin müddəti dəfələrlə uzadılıb.
Avropa İttifaqı Azərbaycanı fundamental hüquqlarını qoruduqlarına görə həbsdə olan bütün şəxsləri azad etməyə, məhbusların müstəqil hüquqi xidmətlərə tam çıxışı daxil olmaqla, onların ləyaqətli və təhlükəsiz şəraitini təmin etməyə çağırmaqda davam edir. Bizi xüsusilə Qubad İbadoğlu və Ələsgər Məmmədlinin səhhəti narahat edir. Biz Azərbaycan hakimiyyətini cənab İbadoğlunun təcili ehtiyacı olan tibbi müalicəni alması üçün onun səyahət qadağasını ləğv etmə çağırışımızı bir daha təkrar edirik.
Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransının (COP29) mərkəzində vətəndaş cəmiyyətinin iştirakı dayanır. COP29 Azərbaycan üçün beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə sadiqliyini təsdiqləmək, azad və müstəqil vətəndaş cəmiyyətinin işi üçün şərait yaratmaq imkanıdır. Bu, həmçinin Azərbaycanın Şərq Tərəfdaşlığının üzvü kimi 2021-ci ilin dekabrında imzalanan Şərq Tərəfdaşlığı Sammiti Bəyannaməsində öz əksini tapan öhdəliklərindən biridir.
Avropa İttifaqı Azərbaycanda insanların mənafeyi naminə insan hüquqları və qanunun aliliyi də daxil olmaqla əməkdaşlığımızın bütün əsas istiqamətləri üzrə Azərbaycanla dialoqu davam etdirməyə sadiqdir.