This isn't an official website of the European Union

COP29: Avropa İnvestisiya Bankının Qlobal Mexanizmi Bakı metropoliteninin müasirləşdirilməsinin planlaşdırılmasında Azərbaycana dəstək göstərəcək

 

 

AİB-in Qlobal Mexanizmi AİB Qrupunun Avropa İttifaqının hüdudlarından kənarda fəaliyyətlər üçün ixtisaslaşdırılmış qurumudur və Aİ-nin “Global Gateway” strategiyasının əsas tərəfdaşlarından biridir.  Biz 2027-ci ilin sonuna qədər “Global Gateway” strategiyasının ümumi hədəfinin təxminən üçdə birini təşkil edən, ən azı 100 milyard avroluq investisiyanı dəstəkləməyi hədəfləyirik.  AİB-in Qlobal Mexanizmi, “Team Europe” təşəbbüsü çərçivəsində digər inkişaf maliyyələşdirilməsi qurumları və vətəndaş cəmiyyəti ilə birlikdə güclü, məqsədyönlü tərəfdaşlıqları təşviq edir.  AİB-in Qlobal Mexanizmi dünyanın müxtəlif bölgələrindəki ofislərimiz, o cümlədən Azərbaycanı da əhatə edən AİB-in Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyi vasitəsilə AİB Qrupunu yerli icmalara, şirkətlərə və təşkilatlara daha da yaxınlaşdırır.

Azərbaycan, paytaxtı Bakı şəhərindəki metro sistemini müasirləşdirməyi və genişləndirməyi planlaşdırır. Avropa İnvestisiya Bankının Qlobal Mexanizmi (“AİB Qlobal”) layihənin hazırlanmasında Azərbaycana dəstək göstərəcək. Bu, Aİ-nin dünyada daha səmərəli və dayanıqlı şəhər nəqliyyatına verdiyi əhəmiyyəti ön plana çıxarır.

 

AİB-in Qlobal Mexanizmi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransı COP29 çərçivəsində Anlaşma Memorandumu imzaladılar. Anlaşma Memorandumuna əsasən, hər iki tərəf Bakının metropoliten şəbəkəsinin təkmilləşdirilməsi, genişləndirilməsi və müasirləşdirilməsi layihəsinin hazırlanması və tam qiymətləndirilməsi üçün birlikdə işləyəcəklər.

 

1967-ci ildə Azərbaycan Sovet İttifaqının tərkibində olarkən fəaliyyətə başlayan Bakının metropoliten şəbəkəsi bir gündə təxminən 620-630 min nəfəri daşıyır. Bu, Azərbaycanın yeganə metro sistemidir və nəzərdə tutulan yenilənmə və genişləndirmə işləri sərnişin sayını artırmaq və əhalisi təxminən 2,4 milyon olan Bakıda nəqliyyatın sıxlığını azaltmaq məqsədi daşıyır.

“Bu Anlaşma Memorandumu daha yaşıl və daha dayanıqlı bir Bakı üçün ortaq gələcəyə baxışımızda mühüm bir addımı ifadə edir”, – deyə AİB-in vitse-prezidenti Tereza Çervinska bildirib. O, AİB-in Azərbaycandakı fəaliyyətlərinə nəzarət edir və bu əməkdaşlıqla bağlı müzakirələri yekunlaşdırıb. O əlavə edib: “AİB istixana effektli qaz tullantılarının azaldılması və şəhərdə ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılmasını təmin edəcək investisiya layihəsinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək göstərəcək”.

Dünyanın ən böyük beynəlxalq ictimai bankı və qlobal miqyasda iqlim tədbirləri layihələrini maliyyələşdirən aparıcı qurumlardan biri olan AİB-in Qlobal Mexanizmi BMT-nin Paris Sazişinin məqsədlərinə uyğun olan investisiyaları dəstəkləmək öhdəliyinə sadiqdir. Bakının metropoliten sisteminin yenilənməsi üzrə planlaşdırılan layihənin şəhər mobilliyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına, iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınmasına yönəlmiş daha geniş səyləri gücləndirəcəyi gözlənilir.

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman bildirib: “Bakı metropoliteninin genişlənməsi şəhərdə ətraf mühitə, eləcə də sakinlərin həyatına müsbət təsir göstərəcək, çünki Bakıda hərəkət etmək daha asan və sürətli olacaq. AİB və Azərbaycanı bu Anlaşma Memorandumunun imzalanması münasibətilə təbrik etmək istəyirəm və bu mühüm investisiyanın həyata keçirilməsini səbirsizliklə gözləyirəm.”

“Bakı Şəhərdaxili Mobillik Proqramı çərçivəsində mikromobillik vasitələrinin təşviqi və infrastrukturun qurulması istiqamətində işlər görülür.  Mikromobillik zolaqları uzadılaraq təxminən 32 kilometrə çatdırılıb və şəbəkənin əhatə dairəsinin daha da genişləndirilməsi gözlənilir. Bakı metrosunun inkişafı Bakı Şəhərdaxili Mobillik Proqramının əsas komponentlərindən biridir. Bu layihəyə 9 yeni stansiyasının inşası və metro nəqliyyatının əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə mövcud infrastrukturun gücləndirilməsi daxildir. Bu təkmilləşdirmə işlərinin məqsədi şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq edərək, vətəndaşların səyahət vaxtlarının azalmasına və şəhərin ətraf mühitinə müsbət təsirə nail olmağa kömək etməkdir”, - deyə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Anlaşma Memorandumu Avropa İttifaqının (Aİ) “Global Gateway” təşəbbüsü ilə uzlaşır. Bu təşəbbüs yüksək standartlara cavab verən şəffaf layihələri təşviq etməklə dayanıqlı infrastruktur sahəsində qlobal investisiya boşluğunu aradan qaldırmağı hədəfləyir. O, həmçinin, Aİ-nin “daha ağıllı, daha yaşıl şəhərlər üçün dayanıqlı infrastruktur və həllərə” yönələn “İqtisadi və İnvestisiya Planı” çərçivəsində Azərbaycan üçün öncül təşəbbüslərdən birini dəstəkləyir.

AİB COP29-da

AİB-in COP29-dakı fəaliyyətlərinə dair icmalı ilə veb-saytımızda tanış ola bilərsiniz. AİB, mavi zonanın paralel tədbir sahəsində pavilyona malikdir və müxtəlif mövzularda tədbirlər keçirir. Gündəliyin tam mətni ilə burada tanış ola bilərsiniz. Siz sessiyaları canlı şəkildə və ya daha sonra sizə rahat bir vaxtda izləyə bilərsiniz. Bundan əlavə, AIB çoxtərəfli inkişaf bankları qrupu ilə ortaq pavilyona malikdir. Gündəliyin tam mətni ilə burada tanış ola bilərsiniz.

Arayış

Avropa İnvestisiya Bankı (AİB) Avropa İttifaqının (Aİ) üzv dövlətlərinə məxsus olan, uzunmüddətli kreditlər verən qurumdur. O, Aİ-nin siyasət məqsədlərinə töhfə vermək məqsədilə, səmərəli investisiyalar üçün uzunmüddətli maliyyələşmə təmin edir.

 

AİB Qrupu on ildən artıq müddət ərzində mühüm irəliləyişlər əldə etməklə və əhəmiyyətli investisiyalar etməklə, özünü İqlim Bankına çevirməkdədir. Bu proses aşağıdakı əlamətdar mərhələlərlə səciyyələnmişdir: 2007-ci ildə dünyanın ilk yaşıl istiqrazlarının buraxılması, 2015-ci ildə Parisdəki COP21-in nəticəsi olaraq ilk İqlim Strategiyamızın təqdim olunması, 2019-cu ildə yeni Enerji Kreditləşdirmə Siyasəti (mədən yanacaqları ilə bağlı enerji layihələrinə dəstəyin dayandırılması) və 2020-ci ildə İqlim Bankı üzrə Yol Xəritəsinin təqdim olunması. AİB Qrupunun 2024-2027-ci illər üzrə Strateji Yol Xəritəsindəki səkkiz əsas prioritetdən biri İqlim Bankı kimi rolumuzu möhkəmləndirməkdir.

 

2023-cü ildə AİB Qrupunun yaşıl maliyyələşdirməsinin həcmi təxminən 50 milyard avroya çatıb. Bu, 2019-cu ildə Avropa ölkələrinin AİB-dən İqlim Bankı kimi rolunu gücləndirməsini xahiş etdiyi zamankı məbləğdən iki dəfədən artıq yüksəkdir. 2021-ci ildə AİB maliyyə fəaliyyətlərini Paris Sazişi ilə uyğunlaşdıran ilk çoxtərəfli inkişaf bankı oldu. Özünün İqlim Bankı üzrə Yol Xəritəsi ilə, AİB Qrupu 2021-2030-cu illəri əhatə edən olduqca mühüm onillik ərzində iqlim tədbirləri və ətraf mühitin dayanıqlılığına 1 trilyon avroluq investisiyanın dəstəklənməsi istiqamətində uğurla irəliləyir. AİB 2025-ci ilə qədər AİB-in illik kreditləşmə həcminin 50%-dən çoxunu iqlim tədbirləri və ətraf mühitin dayanıqlılığına yönəltməyi öhdəsinə götürüb. AİB keçən il bu hədəfi aşıb və müvafiq göstərici 60% olub. AİB tərəfindən buraxılan İqlim üzrə Məlumatlılıq İstiqrazları (CAB) və Dayanıqlılıq üzrə Məlumatlılıq İstiqrazlarının (SAB) ümumi həcmi 2024-cü ilin avqust ayında 100 milyard avro həddini keçdi. Bununla, AİB çoxtərəfli inkişaf bankları arasında, yaşıl istiqrazlar və dayanıqlılıq istiqrazlarının (əldə olunacaq vəsaitlər xüsusi istifadə təyinatına malikdir) ən böyük emitenti oldu. Geniş investor bazasının ehtiyaclarını qarşılamaq üçün, AİB bu istiqrazları 23 valyutada buraxmaqla, bazarda rekord əldə edib.